Naxçıvan İpoteka Fondu ASC-nin Nizamnaməsi
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin
2016-cı il
07 noyabr tarixli 41-V FR nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir.
Əlavə 1
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət)
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və muxtar respublikada ipoteka
kreditləşməsinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrininin 2016-cı il 07 noyabr tarixli 41-V FR nömrəli Fərmanına əsasən yaradılmışdır.
1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
1.3. Cəmiyyətin rəsmi adı belədir:
1.3.1. tam halda –“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti;
1.3.2. qısaldılmış halda –“NİF” ASC.
1.4. Cəmiyyətin hüquqi ünvanı: Naxçıvan şəhəri, __________________
1.5. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının
konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, üzərində Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara, firma işarəsinə (emblemə) malikdir. Cəmiyyətin bankda manatla və xarici valyuta ilə hesablaşma hesabı açmaq hüququ vardır.
2.2. Cəmiyyətin dövlət mülkiyyətində olan ayrıca əmlakı vardır.
2.3. Cəmiyyət məhkəmədə iddiaçı, cavabdeh, üçüncü şəxs qismində çıxış etmək hüququna malikdir.
3. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri
3.1. Cəmiyyətin əsas məqsədi Naxçıvan Muxtar Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaqdan, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirməkdən ibarətdir. Cəmiyyət əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.
3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.2.1. ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
3.2.2. ipoteka kreditləri üzrə zəmanətlər verir;
3.2.3. ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsini təmin etmək üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
3.2.4. Cəmiyyətin fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;
3.2.5. Cəmiyyətin intellektual mülkiyyətini idarə edir və onun barəsində sərəncam verir;
3.2.6. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə hüquqi və fiziki şəxslər ilə əməkdaşlıq edir;
3.2.7. ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya və digər xidmətləri, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramlarını həyata keçirir;
3.2.8. əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün tədbirlər görür, kənar ekspertləri cəlb edir;
3.2.9. Cəmiyyətə aid olan məsələlər üzrə islahatların aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
3.2.10. müvafiq hüquqi aktlarda Cəmiyyətə münasibətdə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirləri həyata keçirir;
3.2.11. aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin edir və ona riayət olunmasına nəzarət edir.
4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti
4.1. Cəmiyyətin nizamnamə kapitalı, onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin istifadəsinə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.
4.2. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir.
4.3. Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlakdan, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
4.4. Cəmiyyət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Cəmiyyət xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.
4.5. Cəmiyyətin vəsaitindən yalnız bu Nizamnamədə nəzərdə tutulmuş məqsəd və səlahiyyətlərin həyata keçirilməsi üçün istifadə olunur.
4.6. Cəmiyyətin milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində açılan bank hesablarında saxlanılır.
5. Cəmiyyətin idarəetmə orqanları
5.0. Cəmiyyətin aşağıdakı idarəetmə orqanları vardır:
5.0.1. səhmdarların ümumi yığıncağı;
5.0.2. İdarə Heyəti.
6. Səhmdarların ümumi yığıncağı
6.1. Səhmdarların ümumi yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır.
7. İcra orqanı
7.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi və nəzarəti kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir.
7.2. Cəmiyyətin İdarə Heyətinin tərkibi üç üzvdən - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun müavinindən və üçüncü üzvdən ibarətdir.
7.3. İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
7.3.1. Cəmiyyətin inkişaf istiqamətlərini, büdcəsini və investisiya proqramını hazırlamaq və təsdiq etmək;
7.3.2. Cəmiyyətin mühasibat balansını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəət və zərərini bölüşdürmək;
7.3.3. Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, həmçinin onlar arasından Təftiş Komissiyası sədrinin təyin edilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
7.3.4. Cəmiyyətin inkişaf istiqamətlərini, büdcəsini və investisiya proqramını təsdiq etmək;
7.3.5. Cəmiyyətin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini müəyyənləşdirmək və əməkhaqqı fondunu təsdiq etmək;
7.3.6. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi və Təftiş Komissiyası tərəfindən təftişinin aparılması barədə qərar vermək.
7.3.7. ipoteka kreditləşməsini həyata keçirmək üçün müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərlə müvafiq müqavilələr bağlanması haqqında qərar qəbul etmək;
7.3.8. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələri aidiyyəti dövlət orqanlarına təqdim etmək;
7.3.9. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil etmək;
7.3.10. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək;
7.3.11. Cəmiyyətin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin etmək.
7.4. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledici sayılır;
7.5. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
7.5.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək;
7.5.2. İdarə Heyətinin digər üzvlərinin, habelə Cəmiyyətin digər vəzifəli şəxslərinin kadr, maliyyə və başqa məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirmək və qarşılıqlı fəaliyyətini təşkil etmək;
7.5.3. İdarə Heyətinin fəaliyyətini təşkil etmək və iclaslarına sədrlik etmək;
7.5.4. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin etmək;
7.5.5. Cəmiyyətin ştat cədvəlini təsdiq etmək və struktur bölmələrinin işini təşkil etmək, aparatının struktur bölmələrini müəyyən etmək;
7.5.6. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırmaq;
7.5.7. Cəmiyyətin illik hesabatını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
7.5.8. bu Nizamnamə ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Cəmiyyətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək, işçilərlə əmək müqavilələri bağlamaq və onların fəaliyyətinə rəhbərlik etmək, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək;
7.5.9. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görmək;
7.5.10. Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
7.5.11. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər vermək;
7.5.12. etibarnamələr vermək, banklarda hesablaşma hesabı və digər hesablar açmaq, hesabları və tədiyyə tapşırıqlarını imzalamaq;
7.5.13. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
7.5.14. etibarnamə olmadan Cəmiyyət adından hərəkət etmək və üçüncü şəxslərlə münasibətdə Cəmiyyəti təmsil etmək;
7.5.15. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul etmək.
7.6. Cəmiyyətin İdarə Heyətinin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrasını, İdarə Heyəti sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən, İdarə Heyətinin digər üzvləri həyata keçirirlər.
8. Təftiş Komissiyası və daxili audit
8.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək üçün 3 nəfərdən az olmayan tərkibdə Təftiş Komissiyası yaradılır.
8.2. Təftiş Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təyin və azad edilir. Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddəti 3 ildir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər.
8.3. İdarə Heyətinin üzvü və Cəmiyyətə aidiyyəti olan şəxslər Təftiş Komissiyasının üzvü ola bilməzlər.
8.4. Təftiş Komissiyası öz vəzifələrini qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq yerinə yetirir.
8.5. Təftiş Komissiyası Cəmiyyətin bütün orqanlarından və vəzifəli şəxslərindən Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar sənədlərin təqdim olunmasını tələb edə bilər.
8.6. Təftiş Komissiyası qarşıda duran vəzifələrin həlli məqsədi ilə Cəmiyyətin daxili audit sistemindən istifadə edə bilər.
8.7. Təftiş Komissiyası sədrinin aşağıdakı hüquq və vəzifələri vardır:
8.7.1. Təftiş Komissiyasının iclaslarını çağırmaq və iclaslara sədrlik etmək;
8.7.2. Təftiş Komissiyasının üzvləri arasında vəzifə bölgüsü aparmaq və onlara tapşırıqlar vermək.
8.8. Təftiş Komissiyası üzvlərinin səlahiyyəti onlar arasında aparılmış vəzifə bölgüsü və Təftiş Komissiyası sədrinin tapşırıqları əsasında müəyyən edilir.
8.9. Təftiş Komissiyasının iclasları 3 ayda bir dəfədən az olmayaraq keçirilir. Yaranmış problemlərin həlli üçün iclaslar istənilən vaxt çağırıla bilər.
8.10. Təftiş Komissiyasının iclasları onun üzvləri tam tərkibdə iştirak etdikdə səlahiyyətlidir. Əks halda 10 gündən sonra yeni iclas çağırılır.
8.11. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
8.12. İdarə Heyəti üzvlərinin Təftiş Komissiyasının iclasında iştirak etmək hüququ vardır. İclaslara digər şəxslər də dəvət oluna bilərlər. Onların səsvermə hüququ yoxdur.
8.13. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər.
8.14. Cəmiyyətin daxili auditinin əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.
8.15. Daxili audit xidməti qanunverciliklə müəyyən edilmiş vəzifələri yerinə yetirir.
8.16. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri sənədləri onlara təqdim etməyə, öz vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar.
8.17. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditi Cəmiyyətin Təftiş Komissiyasının və ya İdarə Heyəti sədrinin qərarı ilə həyata keçirilir.
9. Cəmiyyətdə uçot və hesabat
9.1. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti hesabat ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
9.2. Cəmiyyət qanunvericiliyə uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
9.3. Cəmiyyət qanunvericiliyə uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.
9.4. Cəmiyyət illik maliyyə hesabatlarını və əməliyyat büdcəsini hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprelin 30-dan gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
9.5. Cəmiyyətin illik hesabatını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
10. Cəmiyyətin yenidən təşkili və ləğvi
Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qəbul edir.