Naxçıvan İpoteka Fondu ASC Müxtəlif Terminlər
1. Annuitet ödənişlər- ipoteka krediti üzrə borcun (kredit üzrə əsas borcun və həmin
borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq
ödənişlər;
2. Borcalan- müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı. İpoteka krediti üzrə borcalanların sayı 3(üç) nəfərdən artıq ola bilməz;
3. Faydalanan şəxs- sığorta müqaviləsinə uyğun olaraq sığorta ğdənişi verilməli olan şəxs;
4. Gənc ailə-yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;
5. İlkin ödəniş- yaşayış sahəsinin alınmasına yönəldilən və onun dəyəri ilə ipoteka kreditinin həcmi arasındakı fərqə bərabər olan borcalanın (borcalanların) şəxsi vəsaiti;
6. İpoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu;
7. İpotekanın dövlət qeydiyyatı- daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması;
8. İpoteka hüququ- borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ;
9. İpoteka kağızı- ipoteka hüququnu təsbit edən adlı qiymətli kağız;
10. İpoteka kağızının qanuni sahibi- ipoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxs;
11. İpoteka krediti- yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;
12. İpoteka kreditinin təminat(ipoteka predmeti)- qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka krediti hesabına alınan təmirli və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış sahəsi;
13. İpoteka kreditinin yenidən maliyyələşdirilməsi- müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızında Cəmiyyətin xeyrinə indossament qeydi aparılaraq güzəşt edilməsi;
14. İpoteka qoyan- ipoteka predmeti olan əşyanı girov qoyan şəxs. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər;
15. İpoteka müqaviləsi- əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqd;
16. İpoteka saxlayan- ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs, o cümlədən ipoteka kağızının qanuni sahibi;
17. Kreditin anderraytinqi- borcalanın (borcalanların) ipoteka kreditini qaytarmaq qabiliyyətinin, habelə ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi prosesi;
18. Kredit dosyesi- müvəkkil bank tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən borcalanın kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusu;
19. Kreditə xidmət- Cəmiyyətə məxsus olan problemli ipoteka kreditləri üzrə işlərin aparılması, ipoteka ilə yüklü edilmiş əmlakın vəziyyətinin yoxlanılması, borcalanlar tərəfindən aylıq ödənişlərin və sığorta öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və digər tədbirlərin həyata keçirilməsi sahəsində müvəkkil bank tərəfindən həyata keçirilən kompleks tədbirlər;
20. Kredit müqaviləsi- müvəkkil bank və borcalan (borcalanlar) arasında yazılı şəkildə bağlanılan müqavilə. Həmin müqaviləyə uyğun olaraq müvəkkil bank borcalana (borcalanlara) ipoteka ilə təmin olunması şərti yaşayış sahəsinin alınması üçün pul vəsaitlərinin (ipoteka kreditini) təqdim etməli, borcalan (borcalanlar) isə aldığı pul vəsaitini və ona hesablanmış faizləri müvəkkil bank ödəməlidir;
21. Minimum istehlak səbəti- insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu;
22. Müvəkkil bank- ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan diğər münasibətlərin tənzimlənməsinə dair Cəmiyyət ilə müvafiq müqavilə bağlamış bank;
23. Müvəkkil qiymətləndirici- ipoteka predmetlərinin qiymətləndirilməsi və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Cəmiyyət ilə əməkdaşlığa dair müqavilə bağlamış, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil qiymətləndirici;
24. Müvəkkil sığortaçı- ipoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakların və ya borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasının həyata keçirilməsi üzrə Cəmiyyət ilə əməkdaşlığa dair müqavilə bağlamış, qüvvədə olan qanunvericilik əsasında fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan yerli hüquqi şəxs;
25. Müvəkkil təşkilat- ipoteka kreditləşməsi sahəsində Cəmiyyəti ilə əməkdaşlıq etmək məqsədilə müvafiq bağlamış müvəkkil bank, müvəkkil sığortaçı və müvəkkil qiymətləndirici;
26. Sığortalı- sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;
27. Sığorta hadisəsi- sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
28. Sığorta haqqı- risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
29. Sığorta məbləği- sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
30. Sığorta müqaviləsi- sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
31. Sığorta olunan- sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
32. Sığorta ödənişi- sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası:
33. Yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma;
34. Yaşayiş sahəsinin alqı-satqı və ipoteka müqaviləsi- yaşayış sahəsinin mülkiyyətçisi(satıcı), alıcısı (borcalan) və müvəkkil bank (ipotekasaxlayan) arasında yazılı şəkildə bağlanılan və özündə yaşayış sahəsinin alqı-satqısını və ipotekasını nəzərdə tutan müqavilə.